4 İyun – Çalınan Ömür, Baltalanan Arzular

31 baxış

Mən hansısa hadisələrlə bağlı olan günləri yadımda saxlaya bilmirəm. Bəzən buna görə utandığım vaxtlar da olub. Sevdiyim bir insanın doğum gününü unudanda gətirdiyim bəhanələr qarşı tərəfi heç vaxt qane etməyib. Hətta həbsxanadan çıxdığım gün də yadımda deyil. Sadəcə bilirəm ki, 2004-cü ildə, altı ay Bayıl həbsxanasında qaldıqdan sonra, dörd illik şərti cəza ilə azadlığa çıxdım. Amma o azadlığın özü də həbsxanadan çox fərqlənməyən bir həyatın başlanğıcı oldu.

Yaddaşıma həkk olunan az sayda tarixlərdən biri isə 4 İyundur — dövlətçiliyimizin şəhid olduğu gün.

4 İyun yaddaşımda ömrümüzün çalındığı, arzularımızın baltalandığı, “azadlıq” kəlməsinin ümidsizliyə çevrildiyi gün kimi qalıb.

Deyirlər ki, hər xalq öz rəhbərinə bənzəyir. Mənim üçün 4 İyun Azərbaycan xalqının Əbülfəz Elçibəyə deyil, Heydər Əliyevə bənzədiyini ortaya qoyduğu gündür. Bu gün də mənzərə dəyişməyib.

1993-cü ilin 4 iyununda mənim 14 yaşım var idi. Ağsu rayonunun Pirhəsənli kəndində məcburi köçkün kimi yaşayırdıq. Qayğısız uşaqlıq illərimiz qaçqınlıq həyatının ağrıları ilə əvəzlənmişdi.

4 İyunu taleyimizə yazanlar cəmi bir hərbi texnika ilə Ağsuya daxil olmuşdular. Pirhəsənli kəndinin yaxınlığında, şəhərə gedən yolun üstündə dayanaraq gəlib-keçən maşınların sənədlərini yoxlayır, kefləri istəyəndə havaya bir neçə güllə atırdılar. Bu gün sinəsinə döyüb qəhrəmanlıqlarından danışan bəzi cəbhəçilər isə həmin bir neçə qiyamçının qarşısından qaçaraq guya “Şıxov batalyonu”na üz tutmuşdular.

Onlara əmanət edilən bölgələri qorumaq əvəzinə, Əbülfəz Elçibəyin qanadları altına sığınaraq möcüzə gözləyirdilər. Halbuki Elçibəyə postunu atıb qaçanlar yox, ölümə getməyi bacaran qəhrəmanlar lazım idi.

4 İyun olmasaydı, bəlkə də Şuşanın işğalı gününü ermənilərlə birlikdə bayram edənlər olmayacaqdı. Bəlkə də Qiyas da, Bayram da “Qul bayramınız mübarək” yazdığı üçün həbs edilməyəcəkdi.

Uşaq vaxtı məftildən düzəltdiyim bir oyuncağı oğurlamışdılar. Dəli kimi ağlayırdım. Evdəkilər məni sakitləşdirə bilmirdi. Məndən yaşca böyük olan bibim oğlu “yenisini düzəldərəm” deyərək məni ovundurmağa çalışırdı.

Amma 4 İyun günü dövlətçiliyimiz şəhid oldu, uşaqlığım məhv edildi, gəncliyim oğurlandı. Buna görə isə heç kim “yenisini düzəldərik” deyə təsəlli vermədi.

Bu gün dövlətimizi yenidən bərpa etmək üçün meydana çıxanlar görünmür. Dünənin “Elçibəy əsgərləri”nin bir qismi saxta mandatların arxasında gizlənib, bir qismi kiçik kabinetlərdə vəzifə sahibinə çevrilib. Hər kəs öz qayğısı ilə məşğuldur.

4 İyun olmasaydı, nə vətənini qoyub Avropaya sığınanlar olardı, nə də vətənini cəhənnəmə bənzədib başqa yerlərdə cənnət axtaranlar.

Mənim üçün 4 İyunun bir qəhrəmanı var: gəmini sonuncu tərk edən Əbülfəz Elçibəy.

Gəmini limana çatdırmalı olanların ilk qaçanlar olduğunu görən Bəy, xalqın son ümidinin dəryada batmasına imkan vermədi. Getdi ki, qayıtmaq üçün yaşasın, son ümid qorunsun.

Bəlkə də onun yeganə hesablamadığı şey arzularını yarımçıq qoyan əcəl oldu.

Ancaq Azərbaycan xalqı istiqlaliyyəti və bütövlüyü uğrunda yenidən mübarizə aparacağı gün, Əbülfəz Elçibəy də həmin mübarizədə xalqının yanında olacaq. Çünki onun öz sözləri ilə desək:

“Bir xalq azadlıq əldə edirsə, o xalqın həyatdan köçmüş insanlarının ruhu da orada iştirak edir. Azərbaycan xalqı bütövlükdə azad olacaq və birləşəcək. O zaman keçiriləcək tədbirlərdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış insanların ruhu da iştirak edəcəkdir. Ruh ölməzdir. Millətini sevənin ruhu hər zaman milləti ilə olacaq.”

— Əbülfəz Elçibəy

Ankara Dövlət Xəstəxanası

Allah sənə rəhmət eləsin, öndərim.

Elşən Əlisoy

Sozcu.az saytının rəhbəri