GENERAL POSTUNDA OTURAN SERJANTIN ATDIĞI DAŞ....

26 baxış

...Və yaxud qonşu otaqda nə baş verdiyindən xəbərsiz kəşfiyyatçı...

Əbülfəz Elçibəy hakimiyyəti zamanında Milli Təhlükəsizlik Nazirinin birinci müavini vəzifəsini icra edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Əbülfəz Elçibəyə qarşı çox ciddi və qərəzli ittihamlarla çıxış edib.

Bəlkə də mənə elə gəldi, Sulhəddin Əkbərin çıxışına baxanda ilk nəzərimi cəlb edən onun psixoloji durumunun yerində olmaması oldu. Əsəbi və məcbur edilmiş kimi, nala-mixa vura-vura danışırdı.

Əbülfəz Elçibəyi bir başa olmasa da, dolayısı ilə Rusiyanın agenti adlandırır.

Bu adam bir tərəfdən onun özünün də, agentura siyahısı olan arxivə buraxılmadığını deyir, bir tərəfdən də, Elçibəyə Rusiya agentlərinin siyahısını verdiyini, Əbülfəz bəyin buna ciddi yanaşmadığın iddia edir.

Elə ilk söhbətdə Sülhəddin Əkbərin adi ibtidai şəkildə hazırlanan bir xüsusi xidmət orqanı əməkdaşı səviyyəsində olmadığını görürsən. Dediyi sözlərin arasında adi bir məntiqi bağlılıq da qura bilməyən bu "çekst"in sözlərinə bilmirsən güləsən , yoxsa ağlayasan.

Adama deyərlər, əgər arxivə girmək imkanın olmayıbsa, Əbülfəz Elçibəyə verdiyin siyahını hardan almısan? Əgər elə bir siyahı olubsa və o siyahıda dövlətin yüksək məmurlarının adları qeyd edilibsə, o siyahının doğruluğunu nə ilə sübut edə bilərdin? Axı siz özünüz deyirsiniz ki, arxivə girmək imkaniniz olmayıb. Hardan əldə etmişdiniz həmin "siyahı"nı? Bəlkə elə sizin verdiyiniz "siyahı" təxribat olub? Necə sübut edə bilərsiniz ki, Sizin təqdim etdiyinizi iddia etdiyiniz "siyahi"nı sizə hakimiyyətin içində təxribat salmaq niyyəti ilə Rusiya ötürməyib?

Sülhəddin Əkbər iddia edir ki, Əbülfəz bəy, "siyahı"da adları olan adamlara: "Sülhəddin sizin haqqınızda bunları deyir, siz də onun nazir olmsını istəyirsiniz",-deyərək məlumat verib.

Sülhəddin bəyin "çeks məntiqi"nə görə, Rusiyanın agentləri onun MTN-i təyin edilməsini istəyiblər, bəy də onlara belə bir söz deyib.

Çox maraqlıdır, görəsən Rusiyanın agentləri nəyə görə Sülhəddin Əkbərin Milli Təhlükəsizlik Naziri olmasını istəyirdilər?

Ümumiyyətlə Sülhəddin Əkbərin sözlərinə görə, onun MTN-nin 1-ci müavin olması haqda heç özünün də məlumatı olmayıb, vəzifəyə neçə təyin olunduğunu da düz-əməlli bilmir. Təsəvvür edirsiniz, həyatında bircə dəfə nazir müavini olub, həm də o boyda mühüm bir nazirliyin, onu da dəqiq bilmir ki, bu necə baş verib.

Sülhəddin Əkbər iddia edir ki, Əbülfəz Elçibəy onu yanına çağırıb və ondan KQB-nin arxivlərinin açılması qarşılığında siyahıda adları olan şəxslərin sənədlərinin ortadan qaldırılmasını istəyib.

Sülhəddin Əkbərin bu sözünü eşitdikdən sonra, onun həqiqətən də o boyda mühüm vəzifəyə necə təyin edildiyi mənim üçün də maraqlı oldu.

Ay Sülhəddin müəllim! Axı siz özünüzün də dediyiniz kimi, tanış olmaq imkanınız olmadığı arxivdə kimlərin adlarının olacağını hardan bilirdiniz ki, onun da müzakirəsini aparırdınız?

Düşünürəm ki, illərdr səssizliyə çəkilən Sülhəddin Əkbərin Hakimiyyətdaxili gərginliyin baş aldığı bir zamanda, pandemiya dövründə, neftin su qiymətindən də ucuz olduğu bir dönəmdə, insanların əsəblərinin tarıma çəkildiyi bir vaxtda cəmiyyəti üz-üzə qoyacağı bu cür açıqlamaya məcbur edən nədir? ... VƏ yaxud kimdir? Nə baş verdi ki, Sülhəddin Əkbər illərlə saxladığı mühüm "sirləri" bu gün açıqladı? Maraqlı deyilmi?

Yenə sağolsun, arada İsa Qəmbərlə yaxın olduğunu, onunla tez-tez görüşdüyünü hətta İsa bəyin baş verənlərə əsəbləşdiyini qeyd edib. Şükür ki, İsa bəy agent deyilmiş . Ondan başqa dövlətin başında duranların hamısı agent olublar. Yaqin İsa bəy, münasibət bildirər, öz işidir.

Sülhəddin Əkbər iddia edir ki,onun Fizulidə İsa Qəmbərlə birgə "Mehri dəhlizi"nin azad edilməsi planı olub, hətta Türkiyənin baş qərərgahınında bu cür planı olduğunu iddia edir. Güya bu planı Əbülfəz Elçibəyə deyiblər, ancaq Əbülfəz bəy planı həyata keçirməyə razı olmayıb.

Bu qədər də yox də.... 1-cisi Kəlbəcərin qız-gəlinlərinin düşmən mühasirəsindən çıxarılması üçün 2 dənə helekopter verməyən Türkiyənin Mehrini azad etmək kimi bir planı var idi sözü nağıldan başqa bir şey deyil.

2-cisi Qarabağda qeyri qanuni terrorçu birləşmə ilə savaşda Türkiyə NATO üzvü olduğu və Rusiya ilə vəziyyəti gərginlədirməmək üçün bir başa iştirak edə bilməyib, müstəqi bir dövlət olan ermənistandan dəhliz açacağına heç özünüz inanırsınız? Həm də Sülhəddin Əkbər(gil) bu mühüm əməliyyatı Rusiyanın agenti olduqlarına 100 fazi əmin olduqları dövlət rəhbərləri ilə həyata keçirəcəklərmiş.

3-cüsü, siz başa düşürsünüzmü adi bir serjant da, Bütöv Azərbaycan davası aparan Əbülfəz Elçibəyin "Mehri dəhlizi"nin açılması kimi ciddi bir plana etiraz etməsini deməzdi, general vəzifəsini icra edən Sülhəddin Əkbər dedi. Adamın bərkdən gülməyi gəlir.

"Kəşfiyyat kralı" sonda bildirir ki, qonşu otaqda dövlətin zirvəsinin operativ iclası keçirilirmiş və Sülhəddin müəllimin məlumatı olmurmuş ki, qonşu otaqda nə baş verir.

Fikirləşirəm ki, belə vəziyyət o halda baş verə bilər ki, Sülhəddin bəy həmin zamanlar "piyan" olsun. Yani adi ayıq bir adam belə, o vəzifədə qonşu otaqda nə baş verdiyini, iclas olub-olmadığını bilərdi, o ki, qaldı MTN kimi mühüm bir strukturda 1-ci müavin olan adam ola... Həm də təsəvvür edin ki, xüsusi təyinatlılara da qonşu otaqda nə baş verdiyini bilməyən adam rəhbərlik edir. ŞÜKÜR Kİ, GÖYDƏN BAŞIMIZA DAŞ DÜŞMƏYİB...

Sülhəddin Əkbərin dediyinə görə, 27 ildir analiz aparıb bu nəticəyə gəlib ki, Azərbaycanda Xalq Hərəkatına Rus KQB -si öz adamlarını yerləşdirib, onları hərəkatın başına keçirib ki, nəhayət hakimiyyət sahibinə - yani Heydər Əliyevə rahat ötürülsün.

Sülhəddin bəy! Sizin 27 il düşünüb gəldiyiniz qənaəti KQB-nin ETTELAT-ın, MTN-nin, DTX-nın adi informatorları illərdir ki. hər gün danışıb, insanları zəhərləməklə məşğuldurlar. Bunun üçün siz 27 il necə fikirləşmisiniz?

Sülhəddin Əkbərin açıqlamalarını dinlədikdən sonra, yadıma onun yazdığı “Dövlət siyasətinin əsasları” adlı kitabın təqdimat mərasimi düşdü. Agent olmaqda ittiham etdiyi köhnə komandanın hamısı başda oturmuşdu və Sülhəddin bəy "agentləri" başına yığb kitab təqdim edirdi.

Sonda Sülhəddin bəyə bir söz demək istəyirəm: Sülhəddin bəy! Sizin çıxışınızda olan məntiqsiz cümlələri və bir-biri ilə ziddiyyət təşkil edən fikirləri dinlədikdən sonra, doğurdan Əbülfəz bəyə çox üzüldüm, yazıq bəy nələr çəkirmiş... Normal bir dövlətdə xüsusi xidmət orqanlarında sizin kimi adamadi bir texniki işçi səviyyəsində işlə təmin edilməz ki, siz nazir müavini olmusunuz.

Allah Əbülfəz bəyə rəhmət eləsin, vəziyyət doğurdan çox acınacaqlı olub. Sizin bu fikirlərinizin ölkədə gündəm yaradacağına, diqqəti hakimiyyətdən yayındıracağına da inanmıram. İnsanların söz güləşdirməyə nə halı var, nə həvəsi...

Elşən Əlisoy