O dəyirmanla, bu dəyirmanın nə fərqi var?

34 baxış

Azərbaycanda gəlir gətirən bütün sahələr oliqarxların monopoliyası altındadır. Otelçilik şəbəkələri bunların, restoranlar bunların, çayxanalar bunların, əkin sahələri, otlaq sahələri bunların. Vətəndaşlara haradan bir tikə çörək gələ bilərsə, o çörəyin qarşısını kəsiblər. Dövlətin nəzarət sistemi yoxdur. Çünki dövlət onların özləridir. Azərbaycanda hakimiyyət dövlətə çevrilib.

Hazırda rəsmi iş günü deyil. Buna baxmayaraq, bir çox məhsulların qiymətləri qalxıb. Bununla bağlı ölçü götürən də yoxdur. Çünki ölçü götürənlər qiymətləri qaldıranların özləridir.

Novruz bayramına da hələ iki ay var. Heç olmasa bayram qabağı prezident adlanan şəxs efirə çıxıb yumurtanın qiymətinin qalxmasına etiraz edirdi. Ən azından dövlətin başında durandan yumurtanın da olsa, qiymətinin qalxmasına etiraz etdiyini görürdük.

Bahalaşmaya etiraz edən xalq da yoxdur. Uzaq başı kiçik dedi-qodular, çayxana müzakirələri, Feysbukda deyinmələr və vəssalam, şüttamam. Deyinənləri də, deyinməyənlər “erməni dəyirmanına su tökməkdə” qınayır. Ancaq fərqinə varsalar, görərlər ki, erməni dəyirmanı ilə özlərinin su tökdükləri dəyirmanın heç bir ciddi fərqi yoxdur.

O dəyirmanla, bu dəyirmanın fərqi təxminən belədir: elə bil Sahil Babayevin nənəsinin adı və soyadı Dusya Babayan yox, Dilarə Babayevadır...

Azərbaycan adlı gəmi batır! Gəminin arxa hissəsindən suya düşən insanlar dalğalarda çabalayır, nəfəs almağa çalışırlar. Gəminin kapitanına da elə gəlir ki, burnu yuxarı olan gəmini at kimi şahə qaldırıb kişnədir. Kapitanın ağlı başına gələndə görəcək ki, özünün minib qaçması üçün kiçik qayıq da qalmayıb. Vay o gündən...

Su tökmək istəyirəm, ancaq ayırd edə bilmirəm ki, erməni dəyirmanı hansıdır...

Ümumiyyətlə, Azərbaycanın başına düşən daşın hansı planetdən gəlməsinin nə fərqi var ki?..