Ağsu sakinləri həyəcan təbili çalır: “İçdiyimiz suyun vəziyyəti budur”
Ağsu rayonunda içməli suyun keyfiyyəti ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Sozcu.az saytının təsisçisi Elşən Əlisoy sosial şəbəkədə paylaşdığı görüntülərlə rayon sakinlərinin istifadə etdiyi suyun vəziyyətinə diqqət çəkib.
Onun sözlərinə görə, evdə istifadə olunan su qızdırıcısının (aristonun) içindən xeyli miqdarda daşlaşmış çöküntülər çıxıb. Bildirilir ki, avadanlıq daha əvvəl də təmizlənsə də, problem təkrar yaranıb.
Elşən Əlisoy paylaşımında qeyd edir ki, Ağsu sakinlərinə verilən suyun keyfiyyəti uzun müddətdir narahatlıq doğurur və bu vəziyyətin insanların sağlamlığına təsiri ilə bağlı ciddi suallar mövcuddur:
“Bu gördüyünüz daş parçalarının hamısı evdə istifadə etdiyimiz aristonun içindən çıxıb. Halbuki, ariston daha əvvəl də təmizlənib. Ağsu rayon sakinlərinin istifadə etdiyi suyun vəziyyəti budur. Rayon sakinlərinə bulaq suyu əvəzinə qrunt suları verilir. Təəssüf ki, bu barədə danışan çox azdır.”
Paylaşımda rayon sakinləri arasında böyrək problemlərinin və diş sağlamlığı ilə bağlı narahatlıqların artdığı da vurğulanır.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik açıqlanmayıb.
Ağsu sakinləri isə içməli suyun keyfiyyəti ilə bağlı araşdırmaların aparılmasını və vəziyyətə aydınlıq gətirilməsini gözləyirlər.
Müəllif: Elşən Əlisoy
Mənbə: Sozcu.az










